Mənim mənliyimin füsunkarlığı, Danışan kamalı,ağlıdır dilim, Vətənin varlığı, xalqın varlığı, Sənin varlığına bağlıdır, dilim!. Bizlər analarımızdan eşitdik ana dilimizdə ilk kəlməni və zatən, övladların da əksəriyyətdə dilə gətirdiyi ilk kəlmə Ana sözü olur. Bu, artıq bir aksiomdur ki,həmin kəlmədən başlayaraq öz dilimizin - ana dilimizin fərdi sahibi oluruq. Və əlbəttə ki, sonrakı mərhələlərdə öz dilimizi qorumaq, sevmək, tanıtmaq missiyasını öz üzərimizə götürürük.Bu dil biz yaşadıqca inkişaf etməli, zənginləşməli, dünya millətləri arasında öz yerini tapmalıdır. Bu müqəddəs kəlmənin arxasında onu qürurla təmsil edən bir millət var.Bizim dilimizin gözəlliyi, axıcılığı, incəliyi dünyanın əksər millətlərinin ağızucu, sərt, kobud, uzun-uzadı səslənən dillərinin fonunda tamamilə doğmalaşır. Məşhur mahnıda deyildiyi kimi: “Şirindir, ana dilim şirindir!”Bütün dünyaya səpələnmiş azərbaycanlıların ana dili olan Azərbaycan dili qədim tarixə malikdir. Bu dil hələ Şah İsmayıl Xətayinin hakimiyyəti dövründə dövlət dili səviyyəsinə yüksəlmişdir. Dilimiz türk dilləri ailəsinin Oğuz qrupuna daxildir. Mükəmməl qrammatik quruluşu, zəngin ifadə vasitələri, kamil əlifbaya malik bir dil səviyyəsinə yüksəlmiş dilimizdə elmin, texnikanın müxtəlif sahələrinə aid saysız-hesabsız sanballı kitablar yazılmış, lüğətlər, ensiklopediyalar çap olunmuşdur.Azərbaycan dili “Kitabi-Dədə Qorqud”, "Koroğlu” kimi qəhrəmanlıq keçmişimizin, İzzəddin Həsənoğlu, Nəsimi, Füzuli, Vidadi, Vaqif, Axundov, Sabir, Cavid, Cabbarlı, Vurğun, Şəhriyar və başqa söz ustadlarımızın söykəndiyi əzəmətli dağdır. Dili bəzən canlı orqanizmə bənzədirlər. Həqiqətən,dilin daşıyıcıları varsa, deməli, o dil yaşayır, inkişaf edir. Hər cəhətdən bizim ana dilimizlə fəxr etməyə tam haqqımız var. Respublikamız müstəqillik qazandıqdan sonra Ulu öndərimiz Heydər Əliyev tərəfindən fərman imzalandı və 1avqust ölkəmizdə Aərbaycan dili və Əlifbası Günü kimi təsis edildi. Bununla da dilimizin günəşi pərvaz edərək, şölə saçdı. Ölkə Prezidentimizin qayğısı ilə əhatə olunan dilimiz isə bu yolda uğurla irəliləyir və inkişaf edir.
Ülviyyə Rəhimli,
Xocalı rayon gənci